TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH
Bakı, 21 sentyabr, AZƏRTAC
Geniş coğrafi məkanda yerləşən Türk Dövlətləri Təşkilatı (TDT) regionu enerji və nəqliyyat dəhlizlərinin inkişafı baxımından həm üzv ölkələr, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert Mehmet Seven bildirib.
Ekspert qeyd edib ki, türk dövlətlərinin əlverişli coğrafi mövqeyi Şərqlə Qərb, Şimalla Cənub arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün geniş imkanlar yaradır.
“Son illərdə qlobal ticarət marşrutlarının şaxələndirilməsi istiqamətində müşahidə olunan proseslər TDT məkanının tranzit və logistika potensialını daha da artırır. Xüsusilə Xəzər dənizi üzərindən keçən marşrutlar Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm rol oynayır. Azərbaycan isə bu prosesdə Şərq-Qərb nəqliyyat bağlantılarının əsas halqalarından biri kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhlizin inkişafı region ölkələri arasında ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
Mehmet Sevenin fikrincə, enerji sahəsində də TDT ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur: “Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılması, enerji marşrutlarının şaxələndirilməsi və yeni enerji layihələrinin reallaşdırılması həm regional, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verə bilər. Türk dövlətlərini birləşdirən coğrafi məkan yalnız tarixi və mədəni baxımdan deyil, iqtisadi və strateji baxımdan da böyük əhəmiyyətə malikdir. Nəqliyyat və enerji layihələrinin əlaqələndirilməsi TDT ölkələrinin regional iqtisadi inteqrasiyasını gücləndirməklə yanaşı, onların beynəlxalq ticarət sistemində rolunu da genişləndirə bilər”.
O əlavə edib ki, gələcəkdə rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, logistika infrastrukturunun modernləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və gömrük sistemlərinin rəqəmsallaşdırılması Orta Dəhlizin səmərəliliyini daha da artıra bilər.
Ekspertin sözlərinə görə, TDT məkanında nəqliyyat və enerji sahəsində həyata keçirilən layihələrin qarşılıqlı şəkildə tamamlanması regionun tranzit imkanlarının genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə və üzv ölkələrin iqtisadi əlaqələrinin dərinləşməsinə mühüm zəmin yaradır.