“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliyə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
Həmçinin valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
Bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Qərar qəbul edildiyi tarixdən beş iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilməlidir.
Həmin təsvirlərə 1 nömrəli əlavə – “Təhsilalanların geyim formalarının Nümunələri”nin “Oğlanlar üçün yay və qış geyim forması dəsti: şalvar, qısaqol polo tipli köynək, uzunqol polo tipli köynək, önü bağlanılan cibli jaket” hissəsindən “üçdüyməli qısaqol köynək və şalvardan” sözləri çıxarılıb.