Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Sevil Cəfərovanın elmi məqaləsi “Pakistan Kimya Cəmiyyətinin Jurnalı”nın 48-ci cildinin 4-cü nömrəsində dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Metanın karbon qazı ilə riforminqində Ni/zeolit kompozitlərinin struktur-funksional əlaqələri” adlı məqalədə kimya sənayesi və enerji texnologiyaları üçün əhəmiyyətli olan sintez qazının metanın karbon qazı ilə riforminqi yolu ilə alınmasında istifadə edilən katalizatorlar araşdırılıb.
Tədqiqat zamanı müxtəlif zeolitlər əsasında hazırlanan nikeltərkibli katalizatorların xüsusiyyətləri və onların metanın karbon qazı ilə çevrilməsi prosesində effektivliyi müqayisə edilib. Araşdırmanın nəticələri göstərib ki, istifadə olunan zeolitin quruluşu və səth xüsusiyyətləri katalizatorun fəaliyyətinə birbaşa təsir edir. Təbii zeolit olan klinoptilolitin xüsusi üsulla işlənməsi isə onun xüsusiyyətlərini yaxşılaşdıraraq katalitik göstəricilərin yüksəlməsinə imkan verib. Tədqiqat müxtəlif zeolitlərdən istifadə etməklə daha səmərəli katalizatorların hazırlanması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal beynəlxalq elmi bazalarda, o cümlədən “Chemical Abstracts”, “Web of Science”, “Scopus” və “Google Scholar”da indekslənir.