Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır
Bakı, 21 sentyabr, AZƏRTAC
Şimal yarımkürəsinin müxtəlif coğrafi ərazilərində yayılan ciyərotu mamır növünün populyasiyalarında genetik müxtəliflik və gen kodlarının öyrənilməsi ilə bağlı gənc tədqiqatçı, Yaponiyanın Tokio Universitetinin doktorantı Hiromu Nakao Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Səfərin məqsədi tədqiqatçının Botanika İnstitutunun alimləri biologiya üzrə fəlsəfə doktorları, dosent Aygün Məmmədova və dosent Arzu Hüseynova ilə birgə Azərbaycan florasında yayılan “Marchantia polymorpha” növünün təbii populyasiyalarından herbari nümunələrinin toplanması və onların müasir molekulyar-genetik metodlarla tədqiqi olub. Zaqatala rayonuna təşkil olunmuş müştərək ekspedisiya zamanı Car və Qəbizdərə kəndləri ərazilərindən “Marchantia polymorpha” növünün təbii populyasiyalarından nümunələr toplanılıb. Səfər çərçivəsində Hiromu Nakao Botanika İnstitutunda elmi seminar keçirib. Seminarda “Marchantia polymorpha” növünün qlobal yayılması, populyasiyalarının genetik müxtəlifliyi və aparılan tədqiqatların əsas istiqamətləri barədə məlumat verilib, alimlərlə fikir mübadiləsi aparılıb. Birgə tədqiqatın nəticələri əsasında elmi məqalənin hazırlanması nəzərdə tutulur.