Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Türkiyədə təşkil olunan VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas-alim konfransda “Siyasi düşüncənin simvolik aspekti və media” mövzusunda məruzə ilə çıxış edib. Roida Rzayeva məruzəsində media sisteminin və daha geniş mənada media mədəniyyətinin transformasiyasının həm sosial, həm də fərdi səviyyədə kommunikasiya təcrübələrində, eləcə də sosial proseslərdə iştirak potensialında özünü göstərdiyindən bəhs edib. O, arxetiplərin, miflərin, stereotip və simvolların siyasi ruhun əsas tərkib hissələri olduğunu diqqətə çatdırıb, buna görə də siyasi düşüncənin simvolik ölçüsündən danışmağın mümkün olduğunu vurğulayıb. Məruzədə bu gün “yumşaq güc”ün siyasətdə dəyişən prioritetlərin əksi olduğu qeyd olunub.
Professor qeyd edib ki, “yumşaq güc” müasir siyasətin bir elementidir, ondan qeyri-zorakı təsir üsulları və texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur, bu da onu idarəetmə siyasətinin bir forması edir. Bu səviyyədə “yumşaq güc” ideologiyanın yeni və müasir forması hesab olunur.
Məruzədə, həmçinin bildirilib ki, bilik “yumşaq güc” anlayışının əsas komponentlərindən biridir və informasiya cəmiyyəti inkişaf etdikcə onun dünyada rolu davamlı şəkildə artır. Vurğulanıb ki, “informasiya hücumları” vasitəsilə ictimai şüura təsir göstərmək üçün nəzərdə tutulmuş yeni metodlar, texnikalar və texnologiyalar biliyi güclü bir geosiyasi silaha çevirir.