Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub
Berlin, 21 sentyabr, AZƏRTAC
Almaniyada Berlin və Meklenburq-Ön Pomeraniya əyalətlərində keçirilən seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə yol açıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də Xristian-Demokrat İttifaqının (CDU) Rəyasət Heyəti və Federal İdarə Heyəti fövqəladə toplantılar keçirərək seçkilərin nəticələrini müzakirə ediblər. Mətbuat konfransında çıxış edən partiyanın lideri və Almaniya Kansleri Fridrix Merts CDU-nun Meklenburq-Ön Pomeraniyada 5 faizlik baryeri keçə bilməyərək, ilk dəfə parlamentdən kənarda qalmasını fəlakət kimi qiymətləndirib: “Bu, Almaniyada CDU üçün dramatik və misilsiz bir nəticədir ki, biz 5 faizlik baryeri keçə bilmədik. Bu, ağır bir zərbədir və uzun müddət əks-səda doğuracaq. Biz bu nəticələr barədə hələ uzun dəyərləndirmələr aparmalı olacağıq”.
Kansler uğursuzluqda federal siyasətin və şəxsən öz fəaliyyətinin rol oynadığını etiraf etsə də, istefa verməyəcəyini, hökumətə və partiyaya rəhbərliyi davam etdirəcəyini bildirib. O, mövcud vəziyyətdən çıxış üçün bir sıra addımların atılacağını elan edib. F.Merts paytaxtdakı seçkilərdə qalib gələn Sol Partiyanın Berlində mənzil şirkətlərinin milliləşdirilməsi planlarına qarşı özəl mülkiyyətin müsadirəsini qadağan edən federal qanunun qəbul olunacağını deyib. O, həmçinin özəl və dövlət tibbi sığortası arasındakı fərqin əhalidə ədalətsizlik hissi yaratdığını qeyd edərək, səhiyyə sistemində dəyişikliklər olunacağını vurğulayıb.
Federal koalisiya hökumətində CDU-nun tərəfdaşı Sosial-Demokrat Partiyasının (SPD) rəhbərliyi Berlin koalisiyasında qalacağını təsdiqləsə də, islahatların məzmununa yenidən baxılmasını şərt qoyub. SPD-nin həmsədri xanım Berbel Bas “Biz bu cür davam edə bilmərik” deyərək, hökumətin siyasi xəttində dəyişiklik tələb edib.
Qeyd edək ki, Meklenburq-Ön Pomeraniya əyalətinin Baş naziri Manuela Şveziq Sol partiya və Yaşıllarla koalisiya qurmaq niyyətində olduğunu açıqlayıb.
Sentyabrın 6-da Saksoniya-Anhaltda, ötən gün isə Meklenburq-Ön Pomeraniyadakı seçkilərdə böyük uğur qazanaraq birinci partiya olan ifrat sağçı “Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri xanım Alis Vaydel isə səsvermənin nəticələrini CDU-nun mövqelərinin sarsılması kimi qiymətləndirib. “Biz CDU-nu xalq partiyası olaraq əvəz etdik”, - deyən A.Vaydel bu nəticənin sol yönümlü siyasətin və AfD ilə əməkdaşlığa qoyulan qadağanın qanunauyğun nəticəsi olduğunu iddia edərək, növbədənkənar federal seçkilərin keçiriləcəyini gözlədiklərini bildirib.
Xatırladaq ki, Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, 5 siyasi partiya parlamentdə təmsilçilik hüququ qazanıb. Əsas namizədi miqrant mənşəli Elif Eralp olan Sol Partiya 25,7 faiz səslə birinci olub. Xristian Demokratlar İttifaqı (CDU) 18,8 faizlə ikinci, “Almaniya üçün Alternativ” (AfD) partiyası isə 16,3 faizlə üçüncü pillədə qərarlaşıb. Yaşıllar Partiyası səslərin 14,3 faizini, Sosial Demokratlar Partiyası (SPD) isə 12,1 faizini toplayıb. Sahra Vaqenknext İttifaqı (BSW - 4,7 faiz) və Azad Demokratlar Partiyası (FDP - 2,5 faiz) 5 faizlik minimal həddi keçə bilməyib.
Bununla da 159 yerlik Deputatlar Evində Sol Partiya 47, CDU 34, AfD 29, Yaşıllar 26, SPD isə 22 mandat əldə edib. Sol Partiyanın namizədi Elif Eralp qurulacaq koalisiya hökumətinə rəhbərlik edəcəyi təqdirdə Berlinin miqrantəsilli ilk bələdiyyə sədri kimi tarixə düşəcək.