Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH
Bakı, 21 sentyabr, AZƏRTAC
Türk dünyasının birliyi və həmrəyliyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Son günlər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Bakıda keçirilən tədbirlər də bunu bir daha təsdiqləyir. TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII toplantısının ardınca Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin toplantı iştirakçılarına müraciətində vurğulandığı kimi, bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir.
Malik Həsənov Azərbaycan-Türkiyə qardaşlığının Türk dünyasının birliyinin təməli və sarsılmaz örnəyi olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk dünyasının birliyinin təməlini və sarsılmaz nümunəsini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən də bu reallığı qeyd etdi.
Deputat əlavə edib ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Üzv ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri bunun parlaq göstəricisidir. Azərbaycan Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə də müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Ölkəmiz Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Qarşılıqlı investisiyaların cəlb olunması prosesi fəal şəkildə davam edir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin istər ikitərəfli, istərsə də təşkilat daxilində əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar mövcuddur. Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər - bütün bunlar təşkilatı daha da möhkəmləndirir.