Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Türkiyənin Kapadokiya Universitetinin tərəfdaşlığı ilə “Kapadokiyadan dünyaya: sağlamlıq, elm və ticarət körpüsü” mövzusunda Beynəlxalq Kapadokiya Səhiyyə Turizmi Sammiti təşkil edilib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Xarici İşlər Nazirliyinin müraciəti, Dövlət Turizm Agentliyin dəstəyi əsasında baş tutan beynəlxalq platformada ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işi kafedrasının müdiri dosent Hafiz Hüseynov təmsil edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Sammit çərçivəsində ATMU təmsilçisi “Azərbaycanda müalicə sağlamlıq turizmi: təbiət və müalicənin mərkəzi” mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycanın zəngin müalicə-sağlamlıq turizmi potensialını beynəlxalq auditoriyanın diqqətinə çatdırıb. Məruzədə ölkəmizin daxili turizm xəritəsində xüsusi çəkiyə malik olan Naftalan nefti və onun unikal müalicəvi xüsusiyyətləri, Duzdağ təbii duz mağaraları termal və speleoterapiya mərkəzi, İstisu termal su mənbələri və kurort imkanları, eləcə də Qalaaltı və Naxçıvanın digər reabilitasiya-sağlamlıq mərkəzlərinin imkanları elmi şəkildə geniş təqdim olunub. Çıxış zamanı həmin bölgələrin mövcud tibbi-turizm infrastrukturu və xarici turistlər üçün yaradılan reabilitasiya şəraiti barədə ətraflı məlumat verilib. Qeyd edək ki, tədbir çərçivəsində keçirilən görüşlər və təqdim olunan məruzə Azərbaycanın reabilitasiya və səhiyyə turizmi potensialının beynəlxalq müstəvidə tanıtımı, həmçinin xarici tərəfdaşlarla təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir.