“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Milli Mədəniyyət Günləri çərçivəsində Tallin meriyasının tarixi zalında Azərbaycan aşıq poeziyasının dahi ustadı Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib. Tədbir Azərbaycanın Estoniyadakı səfirliyi və “Buta” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, rəssam Rövşən Nur tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə kollektivin bədii rəhbəri Elnur İmanov (qarmon), Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev (saz), Fikrət Əliyev (balaban) və İlqar Səfərəliyev (nağara) iştirak ediblər. Azərbaycan musiqiçiləri yüksək peşəkarlıq nümayiş etdirərək Azərbaycan folklor musiqisinin zənginliyini və gözəlliyini təqdim ediblər.
Azərbaycanın “Qrasiya” və Estoniyanın “Pääsuke” rəqs qruplarının parlaq çıxışları iki ölkənin mədəniyyətlərini bir səhnədə birləşdirib.
Konsert anşlaqla keçib. Tədbirin qonaqları arasında Türkiyə, Qazaxıstan, Gürcüstan, Fransa, Çin və digər ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, eləcə də yerli tamaşaçılar olublar. Azərbaycan musiqisi və incəsənəti gecənin qonaqlarında böyük maraq doğurub.
Rəssam R.Nur AZƏRTAC-ın müxbiri ilə söhbətində Estoniyada Azərbaycan musiqisini, incəsənətini və zəngin mədəni irsini təqdim etməyin, həmçinin xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyin böyük şərəf və məsuliyyət olduğunu qeyd edib.
“Azərbaycan və Estoniya incəsənət, mədəniyyət vasitəsilə eyni səhnədə təmsil olundular. Bu gözəl mədəni tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Tallin şəhər rəhbərliyinə və Estoniya İnteqrasiya Fonduna dərin minnətdarlığımı bildirirəm. Xüsusilə “Torudeabi” şirkətinə, eləcə də tədbirin keçirilməsinə dəstək verən və töhfə verən bütün həmvətənlərimə təşəkkürümü bildirirəm”, - deyə həmsöhbətimiz bildirib.
Müəllif – Anara Axundova