Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ
Bakı, 21 sentyabr, AZƏRTAC
“Sabahın Ulduzları” turnirinin baş sponsoru, “Alpex” şirkətinin rəhbəri Sərdar Salmanzadə AZƏRTAC-ın suallarını cavablandırıb.
- Artıq “Sabahın Ulduzları” turniri başa çatmaq üzrədir. Uzun fasilədən sonra bərpa olunan yarış həm böyük maraq doğurdu, həm də uşaq futbolunun inkişafına töhfə verdi. Ümumilikdə turnirin təşkilatçılığı və komandaların meydandakı mübarizəsi barədə fikirləriniz necədir?
- “Sabahın Ulduzları” yarışının Azərbaycan futbolu üçün xüsusi önəmi var. Bildiyiniz kimi, bu gün milli komandanın heyətində yer alan bir çox futbolçu məhz “Sabahın Ulduzları”ndan çıxıb. Biz də bu təşəbbüsü çox müsbət qarşıladıq. Hesab edirəm ki, Azərbaycan futboluna bu müstəvidə xidmət göstərmək hər bir azərbaycanlının borcudur. Turnirin son 30 ildə səviyyə baxımından ən yüksək nəticələrdən birini əldə etməsi heç kim üçün sirr deyil. Burada örtük də lazımi səviyyədədir və dünyanın ən yaxşı süni örtüklərindən biridir. Bu örtük futbolçuların bacarıqlarını göstərməsinə öz töhfəsini verir. Növbəti illərdə də bu yarışa dəstəyimizi davam etdirəcəyik.
- Hazırda çoxlarını maraqlandıran əsas məsələ “Sabahın Ulduzları” layihəsinin davam edib-etməyəcəyidir. Yarış qarşıdakı illərdə də keçiriləcəkmi?
- Bəli, hər il davam edəcək. Hətta biz Bakı Premyer Liqasını yaratmaq istəyirik. Bilirsiniz ki, Bakı Futbol Federasiyasının imkanları genişdir. Federasiyanın nəzdində perspektivli yarışların keçirilməsi vacibdir. Çünki digər ölkələrdə şəhər futbolunun ali qurumu ölkənin futbol qurumuna müdaxilə etmir. Onlar müstəqil şəkildə yarışlar keçirir, müəyyən əsasnamələr hazırlayırlar. Eyni zamanda, hər hansı problem, icra məsələsi və ya yeni innovasiya ilə bağlı birbaşa klubların adından ölkənin ali futbol qurumuna müraciət etmək imkanına malikdirlər. Həmin şəhərin futbol klubları da birbaşa ölkənin ali futbol qurumuna müraciət etmirlər. Onlar şəhərin futbol rəhbərliyinə müraciət edir, həmin qurum vasitəsilə məsələ ölkənin ali futbol qurumuna çatdırılır və öz həllini tapır. Ona görə də Bakı Futbol Federasiyasının funksiyaları və imkanları çox genişdir.
- Turnir gələn il də U-14 və U-15 kateqoriyası üzrə keçiriləcək, yoxsa yaş qruplarının sayını artırmaq mümkündür?
- Təbii ki, istərdik. Bununla bağlı AFFA-ya da müraciət etmişik. Əgər lazım bilsələr, hətta bütün yaş qruplarını əhatə etmək istəyirik.
- Hazırda belə bir fikir var ki, “Sabahın Ulduzları” gələcəkdə Azərbaycanın müxtəlif bölgələrini əhatə etsə, daha yaxşı olardı. Təbii ki, burada maliyyə məsələsi də önəmlidir. Siz bunu gələcək üçün real layihə kimi görürsünüzmü?
- Regionlarda vəziyyət bir qədər fərqlidir. Bildiyiniz kimi, Bakı Futbol Federasiyası və Regional Futbol Liqası var. Hər region üzrə də rəhbərlər mövcuddur. Ancaq deyə bilərəm ki, biz buradakı təcrübəni bir azərbaycanlı kimi Naxçıvanda da həyata keçirmək istərdik. Əlbəttə, bu, AFFA ilə bağlı olan məsələdir. Böyük məmnuniyyətlə Naxçıvanda “Sabahın Ulduzları” yarışını keçirərdik. Çünki Naxçıvanın ölkəmiz üçün xüsusi önəmi var.
- Bəs, gələcəkdə region komandalarının Bakıdakı yarışda iştirakı mümkündürmü? Məsələn, bölgələrdən hansısa komanda turnirdə iştirak etmək üçün müraciət etsə, buna münasibətiniz necə olar?
- Bizim qapılarımız açıqdır. Əlbəttə, bu suala daha dəqiq BFF-nin prezidenti Tahir Süleymanov cavab verə bilər. Hazırda “Qəbələ” komandası da bizim “Sabahın Ulduzları” yarışında iştirak edir. Ona görə düşünürəm ki, region komandalarının “Sabahın Ulduzları” yarışında iştirakı vacibdir. Çünki milli komandaların heyəti məhz belə yarışlardan formalaşır. Bu yarış da sübut etdi ki, burada səviyyə kifayət qədər yüksəkdir.
- “Sabahın Ulduzları” turnirində perspektivli, istedadlı və gələcək vəd edən futbolçular kəşf etdinizmi?
- Bəli, kəşf etmişəm. Amma konkret ad çəkməyəcəyəm ki, bir qədər ayrı-seçkilik olmasın. Təbii ki, hər bir komandada, demək olar ki, hər mövqedə yaxşı futbolçular var. Amma “Neftçi”nin ənənələrini, “Sabah”ın bugünkü inkişafını və “Qarabağ”ın yanaşmasını nəzərə alsaq, daha çox istedadın bu üç klubda olduğunu deyə bilərəm.
- Bu yaxınlarda “Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı təqdirəlayiq addım atdı, bu sahəyə 10 milyon manat investisiya ayırdı. Bu addımı necə qiymətləndirirsiniz? Sizcə, bu, Azərbaycan futboluna nə verəcək?
- “Sabah” təqdirəlayiq addım atdı. Bu, digər klublara da nümunə olmalıdır. Bu addımı çox yüksək qiymətləndirirəm.
- Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində ilk addımlar atılır. Sizcə, uğur qazanmaq üçün daha nələr etmək lazımdır?
- AFFA rəhbərliyi uşaq futbolunun inkişafı istiqamətində çox böyük addımlar atır. Bildiyiniz kimi, Hövsan qəsəbəsində U-15 dünya çempionatına hazırlıq məqsədilə 11 stadionun tikintisinə başlanılıb. İlk dəfə dünya çempionatı Azərbaycanda keçiriləcək. Düzdür, festival tipli yarışdır, amma yenə də ölkəmiz üçün möhtəşəm imkandır. Hazırda olduğumuz mərhələni nəzərə alaraq düşünürəm ki, klubların akademiyalarında yanaşma dəyişməlidir. Akademiyalara AFFA tərəfindən nəzarəti gücləndirməliyik. Çünki həmin akademiyalardan çıxan futbolçular milli komandaya dəvət alırlar. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda istər AFFA, istər PFL, istərsə də regional qurumların təşkilatçılığı ilə keçirilən yarışların sayını artırmalıyıq. Yarışların sayı artdıqca, futbol oyunları çoxaldıqca futbolçuların inkişafı üçün də daha çox imkan yaranır. Onlar özlərini inkişaf, bacarıqlarını nümayiş etdirmək və dözümlülüklərini artırmaq üçün daha çox şans əldə edirlər. Xarici təcrübəyə baxanda görürük ki, orada keçirilən yarışların sayı Azərbaycandakı yarışların sayından təxminən iki dəfə çoxdur. Ona görə də ən mühüm məsələlərdən biri akademiyalarda yanaşmanın dəyişdirilməsi və yarışların sayının artırılmasıdır.