Ramananın tarixi abidələri vahid turizm marşrutuna daxil ediləcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın dünya əhəmiyyətli tarix-memarlıq abidələrindən biri olan Ramana qəsri yeni muzey konsepsiyası əsasında ziyarətçilərin istifadəsinə verilib. Layihə çərçivəsində qəsrin ərazisində Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı eramızın V-XII əsrlərinə aid tikili qalıqları, eləcə də mindən çox arxeoloji material aşkar edilib. Tapıntıların bir qismi ekspozisiyada nümayiş etdirilir, digər hissəsi isə fondlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib.
“Ramana qəsrinin muzeyləşdirilməsində əsas məqsəd ziyarətçilərə Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini, eləcə də Şirvanşahlar dövrünün memarlıq xüsusiyyətlərini təqdim etməkdir. Ekspozisiyada orta əsrlərdə gündəlik həyat tərzini əks etdirən nümunələr, silah və döyüş vasitələri də nümayiş olunur. Qəsrdə həm qapalı, həm də açıq ekspozisiya sahələri yaradılıb”, – deyə Vüqar İsayev qeyd edib.
Direktor bildirib ki, qəsrin mərtəbələrində “Seyri-tarix”, “Seyri-silah” və “Seyri-həyat” mövzularına uyğun ekspozisiya zalları təşkil olunub. Ən yuxarı mərtəbədə – açıq terrasda isə simvolik məna daşıyan “Alov” heykəl-kompozisiyası nümayiş etdirilir.
“Qala və qəsrlər müdafiə funksiyası ilə yanaşı, vaxtilə siqnal ötürmək məqsədilə də istifadə olunub. Təhlükə zamanı qalalar arasında müvafiq siqnallar vasitəsilə məlumat ötürülüb. Yeni muzey konsepsiyasında Ramana qəsrinin yaşayış, müdafiə və siqnalötürmə funksiyalarını ziyarətçilərə çatdırmağa çalışmışıq”, – deyə o vurğulayıb.
Vüqar İsayev əlavə edib ki, gələcəkdə Ramana ərazisində yerləşən digər tarixi abidələrin də vahid turizm marşrutu çərçivəsində ziyarətçilərə təqdim olunması nəzərdə tutulur. Buraya qədim hamam, ovdan və məscidlər daxildir. Məqsəd ziyarətçiləri yalnız Ramana qəsri ilə deyil, bütövlükdə ərazinin tarixi, mədəniyyəti və keçmiş həyat tərzi ilə yaxından tanış etməkdir.