Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb
Tbilisi, 18 oktyabr, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlı gənclərin jurnalistika sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Aktual Media Məktəbi”nin IV təlim mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, “Aktual Media” tərəfindən təşkil olunan üçaylıq təlim proqramına əsasən Gürcüstanda yaşayan azərbaycanlı gənclər cəlb olunublar.
Ümumilikdə 24 təlimdən ibarət olan proqramın məqsədi iştirakçıların nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və onların media sahəsində peşəkar fəaliyyətə hazırlanmasına dəstək göstərməkdir.
Təlimlər çərçivəsində gənclər xəbər yazılması, reportajların hazırlanması, müsahibə texnikası, televiziya və onlayn jurnalistika, sosial media ilə iş, jurnalist etikası, obyektivlik və dəqiqlik prinsiplərini öyrənəcəklər. Proqramda süni intellektin jurnalistikada tətbiqinə də xüsusi yer ayrılıb.
Həftənin şənbə və bazar günləri Tbilisidə keçiriləcək təlimlərin bir hissəsi Gürcüstan İctimai Yayımçısının studiyalarında təşkil olunacaq. Proqram çərçivəsində iştirakçıların mütəxəssislər, diplomatlar və peşəkar jurnalistlərlə görüşləri, eləcə də dövlət qurumlarına, diplomatik nümayəndəliklərə, televiziya studiyalarına və mədəniyyət ocaqlarına səfərləri nəzərdə tutulur.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Kursu fərqlənmə ilə başa vuran gənclərin işlə təmin olunmasına dəstək göstərilməsi və onlara tövsiyə məktublarının verilməsi planlaşdırılır. Məktəbin təlimçiləri jurnalistlər Ruslan Həsənov və Ramilia Əliyevadır.
Tədbirdə çıxış edən “Aktual Media”nın təsisçisi İlkin Hüseynov bildirib ki, təşkilatın media məktəbi layihəsinin həyata keçirilməsində artıq təcrübəsi var. Onun sözlərinə görə, layihə 2022, 2023 və 2024-cü illərdə də təşkil olunub, budəfəki təlim mərhələsində isə 30-a yaxın gənc iştirak edir.
İ.Hüseynov əvvəlki buraxılışların məzunlarından bəzilərinin hazırda bir sıra təşkilatlarda fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Azərbaycan Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Ruslan Həsənov Azərbaycan və Gürcüstanda jurnalistikanın inkişafı, iki ölkənin mətbuat orqanları arasında əməkdaşlıq imkanları barədə məlumat verib, bu cür kurslarda azərbaycanlı jurnalistlərin dərs deməsinin əhəmiyyətini qeyd edib.
Gürcüstan İctimai Yayımçısının “Rəngarəng Gürcüstan” departamentinin rəhbəri, jurnalist Ramilia Əliyeva çıxışında gənclərin media sahəsində inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, ictimai yayımçı olaraq “Aktual Media Məktəbi” layihəsinə dəstək göstərir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov isə çıxışında jurnalistikanın cəmiyyətdəki roluna və media nümayəndələrinin məsuliyyətinə diqqət çəkib.
Digər çıxış edənlər kursun təşkilini, gənclərin bu cür kurslara marağının artmasını yüksək qiymətləndiriblər.