Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar
Pekin, 21 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seulun təhsil idarəsinin nəzdində fəaliyyət göstərən Qanqso kitabxanasında "Dastanlarımız vasitəsilə Azərbaycan mədəniyyətinin dərki" mövzusunda mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın "Ədəbiyyat vasitəsilə dünya mədəniyyətlərinin dərki" layihəsi çərçivəsində həmvətənimiz Leyla Məsimli Koreya dilinə tərcümə etdiyi "Kitabi-Dədə Qorqud" dastanı, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan bu minillik abidə əsasında köçəri həyat tərzindən, qonaqpərvərlikdən, ailə dəyərlərindən, toy adətlərindən, dünyada məşhur Qarabağ atlarından söz açıb, bu ənənələrin bu gün də xalqımızın həyatında yaşadığını vurğulayıb.
Viktorina sualları da maraqla qarşılanıb.
Qonaqlara Azərbaycan çayı, paxlava, şəkərbura və qoğal təqdim olunub, süfrə ətrafında səmimi söhbət qurulub.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun maddi dəstəyi ilə təşkil edilib. Qonaqlara fondun loqosu əks olunmuş hədiyyələr və Azərbaycan çayları təqdim edilib.
Qeyd edək ki, "Ədəbiyyat vasitəsilə dünya mədəniyyətlərinin dərki" layihəsinin rəhbəri Əzizə Hüseynzadədir.