Həsən Həsənov: Qafqaz Albaniyası və Atropatena ilə bağlı bəzi yanaşmaların araşdırılmasına ehtiyac var
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan tarixşünaslığında Qafqaz Albaniyası və Atropatena ilə bağlı bəzi yanaşmaların yenidən araşdırılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Alim bildirib ki, sovet tarixşünaslığından Azərbaycan elminə iki problemli yanaşma miras qalıb. Onlardan biri Atropatenanın, digəri isə Qafqaz Albaniyasının yaranma tarixi ilə bağlıdır. Onun sözlərinə görə, sovet tarixşünaslığında Atropatena və Albaniyanın Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra, eramızdan əvvəl IV əsrdə yarandığı qəbul edilib. Bu yanaşma isə həmin dövlətlərin bir-biri ilə tarixi əlaqələrinin olmadığını irəli sürür.
Həsən Həsənov Atropatenanın yaranma tarixi ilə bağlı müxtəlif qədim mənbələrdə məlumatların olduğunu bildirib. Onun sözlərinə görə, Roma tarixçisi Ammian Marsellin Atropatenanın Assuriya imperiyasının dağılması dövründə yarandığını yazıb. Eramızdan əvvəl III əsrdə yaşamış Roma tarixçisi Polibi də Atropatenanın Makedoniyalı İsgəndərdən xeyli əvvəl mövcud olduğunu qeyd edib. I əsrdə yaşamış Roma tarixçisi Kvint Kurtsi Ruf isə İsgəndərin yürüşü zamanı Atropatena dövlətinin artıq mövcud olduğunu göstərib. Bu mənbələrin məlumatları bir-birini təsdiqləyir. Elmdə buna verifikasiya deyilir. Mənbələrin qarşılıqlı təsdiqi göstərir ki, Atropatena eramızdan əvvəl IV əsrdə deyil, daha əvvəl yaranıb.
Qafqaz Albaniyasının yaranma tarixinə də toxunan alim qeyd edib ki, bu dövlətin eramızdan əvvəl IV əsrdə yarandığını təsdiqləyən qədim mənbə yoxdur. Albaniya haqqında məlumat verən qədim mənbələrdən biri Roma tarixçisi Dion Kassiyə aiddir. Onun sözlərinə görə, Dion Kassi Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşü zamanı, eramızdan əvvəl 66-cı ildə, Albaniya çarının başçılığı ilə qoşunun Pompeyi qarşıladığını yazıb: “Dion Kassi yazıb ki, Pompey Albaniyaya gələndə onun qarşısına çar başda olmaqla qoşun çıxarıblar. Bu fakt göstərir ki, eramızdan əvvəl 66-cı ildə Albaniya çarlığı artıq mövcud idi”.
Alim bildirib ki, bu fakt Albaniyanın həmin tarixdən əvvəlki taleyi ilə bağlı sual doğurur: “Bəs Albaniyanın 66-cı ilə qədər taleyi necə idi? Haradan yaranıb Albaniya?”
Onun irəli sürdüyü yanaşmaya əsasən, Albaniya eramızdan əvvəl VII əsrdə Atropatena yarandığı zaman onun tərkibində olub. Alban tayfalarının yaşadığı ərazi də həmin dövrdə Atropatenanın tərkibinə daxil idi: “Eramızdan əvvəl VII əsrdən eramızdan əvvəl I əsrə qədər, yəni təxminən 700 il ərzində bu alban torpağı alban əhalisi ilə birlikdə Atropatenanın tərkibində olub. Yalnız I əsrdə Atropatena tərkibindən ayrılaraq müstəqilliyini elan edib. Albaniya göydəndüşmə dövlət deyil. VII əsrdə Atropatena yarananda onun tərkibində idi. Albanlar da həmin ərazidə yaşayırdılar və yeddi əsr orada qalandan sonra müstəqilliklərini elan ediblər. Albaniya Atropatenanın törəməsidir”.
Həsən Həsənov çıxışında “mənbə” və “tədqiqat” anlayışlarının fərqləndirilməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, mənbə hadisənin baş verdiyi dövrə aid olan və həmin hadisə barədə məlumat verən qədim yazılı materialdır, tədqiqat isə müasir araşdırmaçıların elmi əsərləridir. Tarixlə bağlı irəli sürülən fikirlərin hansı mənbəyə əsaslandığının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.