Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir
Qubadlı, 21 sentyabr, AZƏRTAC
Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikinti işləri sürətlə davam edir. Yaşayış kompleksinin ümumi ərazisi isə 3.34 hektardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qubadlı şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlaması zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
O qeyd edib ki, yaşayış kompleksi 21 binadan, 176 mənzildən ibarət olacaq. “Mənzillər əsasən 2 və 3 otaqlıdır. Yaşayış kompleksinin ərazisində oyun meydançaları, yaşıllıq ərazi, yerüstü və yeraltı dayanacaqların inşası nəzərdə tutulub. Həmçinin yaşayış kompleksinin ərazisində iki qeyri-yaşayış binasının da tikintisi planlaşdırılır”, - deyə icraçı direktor vurğulayıb.
Növrəs Cəfərov əlavə edib ki, bu ilin sonuna qədər Qubadlı şəhərində ikinci yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşacaq və tikinti işlərinə başlanılacaq.