Suriyanın Hələb şəhəri yaxınlığında hərbi sursat anbarında partlayışlar baş verib
Qahirə, 21 sentyabr, AZƏRTAC
Suriyanın Hələb şəhəri yaxınlığında hərbi obyektlərdən birində baş verən silsilə partlayışlar nəticəsində azı dörd nəfər yaralanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, partlayışlar Hələbin cənubundakı əl-İs qəsəbəsi yaxınlığında yerləşən sursat anbarında baş verib. Partlayışın səsləri səhər saatlarında Hələb şəhərində və ətraf rayonlarda geniş ərazidə eşidilib.
Suriya Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin məlumatında bildirilir ki, hadisə zamanı bir mülki şəxs qəlpə yarası alıb, iki nəfərdə müvəqqəti tənəffüs çətinliyi yaranıb. Daha bir nəfər isə ərazidən uzaqlaşmağa çalışarkən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.
Mülki müdafiə qüvvələri yaralıları ərazidən təxliyə edib, həmçinin üç ailənin təhlükəsiz əraziyə köçürülməsini təmin edib. Partlayışların davam etməsi səbəbindən xilasedici qruplar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Hələb Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi İdarəsinin əməliyyat rəhbəri Faysal Məhəmməd Əli bildirib ki, əl-İs ərazisində partlayışların davam etməsi təcili yardım və xilasetmə qruplarının hadisə yerinə çatmasına mane olub. Sonradan mülki müdafiə əməkdaşları əraziyə daxil olaraq dörd yaralını təxliyə edə biliblər.
Hazırda partlayışların baş verdiyi əraziyə yaxın evlərin boşaldılması davam edir. Təhlükəsizlik məqsədilə bölgəyə aparan yollar bağlanıb.
Hələb valisi Əzzam əl-Qərib sosial şəbəkə hesabında əhaliyə hadisə yerindən uzaq durmaq və aidiyyəti qurumların fəaliyyətinə mane olmamaq barədə çağırış edib. O, xəstəxanaların təcili yardım və fövqəladə hallar xidmətlərinin hazır vəziyyətdə olduğunu bildirib.
Partlayışların səbəbi hələlik müəyyən edilməyib.
Xatırladaq ki, iki gün əvvəl Deyr əz-Zor vilayətinin qərbində yerləşən Əyəş bölgəsində hərbi obyektdə baş vermiş partlayış zamanı 11 hərbçi həlak olmuşdu.
Son bir ay ərzində Suriyada silah və sursat anbarlarında bir neçə oxşar hadisə baş verib. Sentyabrın 9-da ölkənin şimal-qərbindəki sursat anbarında baş verən partlayış nəticəsində 14 nəfər həlak olub. Bundan təxminən on gün əvvəl isə həmin bölgədə sursatla yüklənmiş avtomobilin partlaması nəticəsində azı beş nəfər həyatını itirib.