Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin “Yoxa çıxmış sivilizasiya – Gözdən qaçırılmış fəlakət” kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitabın materialları daha əvvəl xüsusi veb-platformada təqdim edilib. Nəşriyyat qrupunun planlarına əsasən, sonrakı mərhələdə kitabın Polşa, Almaniya, Baltikyanı ölkələr, Moldova, Qazaxıstan və Özbəkistanda nəşr olunması nəzərdə tutulur.
Tədqiqatda Azərbaycan xalqının əcdadlarının, eləcə də bilavasitə azərbaycanlıların müasir Ermənistan ərazisində, ilk növbədə, tarixi İrəvan quberniyasında və Zəngəzurda yaşadığı dövrün tarixindən bəhs olunur. Kitabda regiondakı şəhər və kəndlərin tarixi, əsrlər boyu əhalisini müasir azərbaycanlıların əcdadlarının təşkil etdiyi yaşayış məntəqələri, onların yerli mədəni simanın formalaşmasındakı rolu, habelə sonrakı demoqrafik dəyişikliklər, zorakılıq halları və deportasiyalar izlənilir. Müəllif bu ərazilərin türkdilli keçmişindən qalan məscidlər, qəbiristanlıqlar, qalalar, abidələr və digər mədəni irs obyektləri kimi sübutlara xüsusi diqqət yetirib.
Regionun çoxsaylı erməni, rus, fransız və digər mənbələrdə əksini tapan tarixi göstərir ki, əsrlər boyu buranın bir çox rayonlarında yerli əhalinin əksəriyyətini müasir azərbaycanlıların əcdadları təşkil edib. Onlar yaşayış məntəqələrinin əsasını qoyub və inkişaf etdirib, məscidlər və qalalar tikib, torpaqları becərib və bu ərazilərin mədəni simasını formalaşdırıblar.
Müəllif yüz minlərlə azərbaycanlının doğma evlərindən qovulması ilə nəticələnən bir neçə zorakı sıxışdırılma, qırğın və mütəşəkkil deportasiya dalğasını nəzərdən keçirir. Qeyd olunur ki, onların bu ərazilərdə mövcudluğunun maddi izləri – məscidlər, qəbiristanlıqlar, qalalar, abidələr və digər mədəni irs obyektləri məhv edilir və ya adları dəyişdirilirdi. Kuzari bu icmanın yoxa çıxmasını mücərrəd tarixi proses kimi deyil, insanlıq və sivilizasiya faciəsi kimi nəzərdən keçirir. Kitabda əsrlər boyu bu ərazilərdə yaşamış, daha sonra isə ardıcıl zorakılıq və deportasiya dalğaları nəticəsində demək olar ki, tamamilə regiondan sıxışdırılıb çıxarılmış xalqın tarixi izlənilir.
Müəllif tədqiqatın əsas xüsusiyyətlərindən birinin onun sübut bazası olduğunu bildirir. Əsərdə 1765 mənbə sistemləşdirilib. Bunların arasında arxiv sənədləri, erməni müəlliflərinin tarixi əsərləri, inqilabdan əvvəlki və sovet dövrünə aid rəsmi Rusiya sənədləri, Fransa diplomatik materialları və digər mənbələr var. Müəllif, həmçinin vurğulayır ki, əsas sübut bazası kimi Azərbaycan və Türkiyə tarixşünaslığına şüurlu şəkildə istinad etməyib.
Çap nəşri geniş multimedia bazası ilə tamamlanıb:
• ərazidə çəkilmiş foto və videomateriallar – müasir Ermənistan ərazisində türklərin mövcudluğundan qalan izlərin, o cümlədən onlarla yaşayış məntəqəsindəki məscid xarabalıqları, qalalar və qədim qəbiristanlıqların sənədləşdirilməsi;
• şahidlərin ifadələri – deportasiyalara məruz qalmış, doğma kəndləri, adət-ənənələri və həyat tərzi haqqında xatirələrini qoruyub saxlamış insanların bir sıra videomüsahibələri;
• hadisələrin xronologiyası – XIV əsrdən XX əsrədək region tarixinin rekonstruksiyası. Bu, müəllifin Azərbaycan əhalisinin demoqrafik sıxışdırılması ilə əlaqələndirdiyi proseslərin ilkin şərtlərini və ardıcıllığını izləməyə imkan verir.
Tədqiqatın elektron versiyası, arxiv sənədləri, videoşahidliklər və digər materiallar layihənin saytında mövcuddur.
Kitab Ukrayna dilində nəşr edilib.