Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Biz Azərbaycanda gedən tarixi proseslərə böyük diqqət yetirməli və nəticə çıxarmalıyıq. Bu proseslər nəticə etibarilə Azərbaycanın tarixi qələbə qazanmasına və öz ərazi bütövlüyünü bərpa etməsinə gətirib çıxardı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri tarix elmləri doktoru, professor Badri Naçkebiya deyib. Onun sözlərinə görə, Azərbaycanın bu nailiyyəti, ilk növbədə, Azərbaycan xalqının xidmətidir.
“Lakin xalq güclü lider olmadan bu nəticəyə nail ola bilməzdi. Azərbaycanın başında böyük siyasi rəhbər və nüfuzlu diplomat dayanır. Ölkə rəhbərliyi həm siyasi, həm də diplomatik amillərdən məharətlə istifadə edərək Azərbaycan torpaqlarının birləşdirilməsini və ərazi bütövlüyünün təmin olunmasını bacardı” – deyə Naçkebiya vurğulayıb.
Gürcü xalqının qonşu dövlətlərin ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını vurğulayan politoloq deyib: “Biz Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpasını çox müsbət addım kimi qiymətləndiririk. Bu tarixi nailiyyət təkcə Azərbaycana deyil, bütövlükdə Cənubi Qafqaza sabitlik gətirəcək. Çünki Cənubi Qafqaz vahid bir orqanizmdir. Region dövlətlərindən hər hansı birinin separatçıların əlində olması təkcə Azərbaycan üçün deyil, Gürcüstan və bütövlükdə bütün region üçün ciddi təhlükə yaradır”.
Rəsmi Bakının sülhpərvər siyasətinə diqqət çəkən politoloq deyib ki, Azərbaycan hərbi yola əl atmaq qərarına gəlməzdən əvvəl ölkə rəhbərliyi və diplomatiyası məsələnin sülh yolu ilə həlli üçün dəfələrlə təkliflər irəli sürmüşdü. Qan tökülməsinin qarşısını almaq və analoji nəticələr əldə etmək üçün biz Azərbaycanın bu uğurlu təcrübəsini və nümunəsini ən yaxşı şəkildə nəzərə almalıyıq.