Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Qlobal qeyri-sabitlik fonunda TDT tədricən öz rolunu genişləndirir, ölkələri yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi-humanitar sahədə bir araya gətirir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin mövqeyi bütün Türk dünyasında böyük maraq doğurur, TDT-nin fəaliyyəti isə müasir beynəlxalq proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir.
“Bu gün TDT qlobal xaos və qeyri-sabitliyin hökm sürdüyü dünyada ədalətə çağırış edən birlik kimi çıxış edir”, - deyə o vurğulayıb.
Politoloq bildirib ki, bir sıra beynəlxalq təşkilatların təsirinin azaldığı bir şəraitdə TDT-nin davamlı inkişafı və aydın baxışın mövcudluğu Azərbaycanın Türk dünyasında baş verən proseslərdə fəal rolunu nümayiş etdirir: “Ölkəmiz üçün türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioritet olaraq qalır. Onu da vurğulayım ki, dövlətimizin başçısı ötən həftə həm din xadimləri ilə, həm də TDT-yə üzv ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşlər keçirib”.
T.İsmayılov əlavə edib ki, yeni ideoloji və hibrid təhdidlər şəraitində əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.
“Gənclərin üzləşdiyi ideoloji və hibrid təhdidlər dövründə milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti artır. Bu gün TDT yalnız siyasi və iqtisadi platforma deyil, həm də Türk dünyasının mənəvi və ideoloji birliyinin möhkəmləndirilməsi üçün mühüm məkandır”, - deyə o fikirlərini yekunlaşdırıb.