Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur
Bakı, 19 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr əməkdaşlığın yeni mərhələsinə keçirlər. Ənənəvi əlaqələrlə yanaşı, nəqliyyat kommunikasiyaları, enerji əlaqələndirilməsi, alternativ enerji və yaşıl gündəlik sahələrində yeni əməkdaşlıq istiqamətləri formalaşır.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, nəqliyyat marşrutlarının inkişafı Mərkəzi Asiya, Qafqaz dövlətləri və Türkiyə arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Şərqdən Qərbə yüklərin daşınması üzrə marşrutlar bu coğrafiyadan keçir. Bu da nəqliyyat infrastrukturunun, iqtisadi-ticari əlaqələrin inkişafını xüsusi əhəmiyyətli edir.
“Bu məkanın dövlətlərini ortaq köklər, ənənələr və tarixlə yanaşı, iqtisadi və ticarət əlaqələri də birləşdirir. Bununla yanaşı, burada siyasi, geosiyasi və geoiqtisadi amillər də mövcuddur”, – deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, dövlətlər qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş yeni qərarlar qəbul edirlər. Bu baxımdan rəqəmsallaşma, gömrük prosedurlarının təkmilləşdirilməsi və müxtəlif innovativ həllər xüsusi əhəmiyyət kəsb edir: “Qlobal tendensiyaları və beynəlxalq sistemin parçalanmasını nəzərə alsaq, TDT dövlətlərin səylərini və mövqelərini birləşdirən geosiyasi amilə çevrilir. Dövlət başçıları birlik və həmrəyliyin zəruriliyi ilə bağlı ümumi anlayışa malikdirlər ki, bu da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
İ.Hüseynov əməkdaşlığın dərinləşməsinin iqtisadi göstəricilərdə də öz əksini tapdığını vurğulayıb. Dövlətlər ikitərəfli səviyyədə qarşılıqlı əlaqələri genişləndirir, TDT çərçivəsində isə müxtəlif layihələr həyata keçirilir, müxtəlif formatlarda görüşlər və müzakirələr baş tutur.
“Bütün bunlar inteqrasiya səviyyəsini yüksəldir və türk dövlətləri arasında əməkdaşlığın inkişafına daha çox xidmət edir”, – deyə politoloq əlavə edib.
Müəllif – Pərvanə Qafarova