Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
İstanbul, 19 sentyabr, AZƏRTAC
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən hazırlanan “2030-cu il Milli Ağıllı Şəhərlər Strategiyası və Fəaliyyət Planı” ölkənin “Rəsmi qəzeti”ndə (“Resmi gazete”) dərc olunaraq qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, ölkə üzrə beşillik yol xəritəsini müəyyən edən plan çərçivəsində şəhər idarəçiliyi, nəqliyyat, tullantıların idarə olunması, iqlim dəyişikliyi və fəlakətlərin idarə edilməsi sahələrində ən azı 50 “ağıllı şəhər” tətbiqinin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə 4 strateji məqsəd, 8 hədəf, 32 fəaliyyət və 297 icra mərhələsi müəyyənləşdirilib.
2026-cı ilin sonunadək Türkiyənin 81 vilayətində “ağıllı şəhər” strategiyaları hazırlanacaq, bələdiyyələrdə xüsusi bölmələr yaradılacaq. 2028-ci ilədək ən azı 50 “ağıllı şəhər” tətbiqinin istifadəyə verilməsi, 2029-cu ilədək isə bütün vilayətlərdə nəqliyyatdan ətraf mühitin təmizliyinə qədər xidmətlərin vahid mərkəzdən izlənilməsini təmin edən “Rəqəmsal Şəhər İdarəetmə mərkəzləri”nin yaradılması planlaşdırılır.
2030-cu ildə “ağıllı şəhər” texnologiyalarında ən azı 80 faiz yerli istehsal tələbinin tətbiqi, 500 innovativ şirkətin dəstəklənməsi və “Ağıllı Şəhərlər” haqqında qanunun qüvvəyə minməsi nəzərdə tutulur.
Strategiyada texnologiyalardan istifadə, həmçinin erkən xəbərdarlıq və böhranların idarə edilməsi sistemlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Plan çərçivəsində yaşlılar, əlillər və rəqəmsal xidmətlərə çıxış imkanları məhdud olan qruplar üçün xidmətlərin əlçatanlığının təmin edilməsi, həmçinin Türkiyənin “ağıllı şəhər” sahəsində əldə etdiyi təcrübənin Türk Dövlətləri Təşkilatına üzv ölkələr və digər yaxın coğrafiyadakı dövlətlərlə paylaşılması nəzərdə tutulur.