Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm
Bakı, 19 sentyabr, AZƏRTAC
Artıq 18 ildir Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Arşın mal alan” tamaşasında Telli rolunu ifa edirəm. Üzeyir Hacıbəylinin illər əvvəl yaratdığı əsərlər bu gün də öz aktuallığını qoruyur və tamaşaçılarda maraq doğurmaqda davam edir.
Bu sözləri aktrisa Ülviyyə Əliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
“Üzeyir Hacıbəylinin əsərlərinin bu gün aktual olması heç də təəccüblü deyil. Onlar dünən də aktual olub, sabah da aktual olacaq”, - deyə o qeyd edib.
Ülviyyə Əliyeva deyib: “Arşın mal alan” əsəri Azərbaycanın hüdudlarından kənarda da geniş tanınır və dünyanın bir çox teatrlarının səhnələrində müxtəlif dillərdə tamaşaya qoyulub: “Üzeyir Hacıbəyli böyük bəstəkardır. Belə gözəl əsərlərimizin və belə gözəl musiqimizin olması çox sevindiricidir”.
Onun sözlərinə görə, “Arşın mal alan” tamaşası artıq təxminən iki onillikdir Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunur. Ülviyyə Əliyeva tamaşanın səhnələşdirildiyi ilk gündən Telli rolunu ifa edir.
“Qoy Allah, böyük bəstəkarımızın əsərlərini bundan sonra da ifa edə bilməyimiz üçün bizə sağlamlıq və güc versin”, - deyə aktrisa əlavə edib.