Naxçıvanda “Velo Fest” velosiped festivalı
Naxçıvan, 19 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Velo Fest” velosiped festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festivaldan öncə peşəkar velosipedçilər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ordubad şəhərindən Naxçıvan şəhərinədək 96 kilometrlik, sonra isə həvəskarlarla birgə şəhər daxilində 7 kilometrlik yürüşlə ümumilikdə 103 kilometr məsafə qət ediblər.
Yürüş yekunlaşdıqdan sonra "Saat Meydanı" Turistik İstirahət Mərkəzində festivalın açılış mərasimi keçirilib. Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsini icra edən Məcid Seyidov ölkədə idmanın inkişafına və gənclərin sağlam həyat tərzinə cəlb olunmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında velosipeddən istifadənin şəhər mühitinin daha əlçatan və ekoloji baxımdan əlverişli təşkilində roluna diqqət çəkib.
“Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin rəhbəri Vüqar Salahov isə ölkədə velosiped hərəkatının inkişafından, son illər velosiped idmanına marağın artmasından danışıb.
Çıxışlardan sonra veloyürüşdə fəal iştirak edən gənclərə, eləcə də festivalın təşkilinə dəstək göstərən qurumlara təşəkkürnamələr təqdim olunub.
Festivalın bədii hissəsində incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, festival ərazisində fotosərgi, rəsm master-klası, maarifləndirici təlim sessiyası və viktorinalar keçirilib.
Müxbir - Nail Əsgərov