Ehtiyatda olan gizir: Həmin an içimdə bir səs vardı – İrəli, ancaq irəli!
Bakı,19 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun ehtiyatda olan giziri Sənan Kərimov 2022-ci ilin sentyabr hadisələri və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Laçın, Xocavənd, Xocalı, Ağdərə və Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Döyüş günlərini xatırlayan gizir AZƏRTAC-a bildirib ki, həmin anlarda insanın daxilində sözlə ifadə edilməsi çətin olan hisslər yaranır.
“Döyüş zamanın dilim tutuldu, kəkələyirdim, fikrimi sözlə ifadə etmək mənim üçün çətin olur. Amma Laçında da, Xankəndidə də, Xocalıda da həmin an içimdə bir səs vardı. Dilim bəzən sözə gəlməsə də, ürəyim, beynim, ruhum, canım deyirdi: “İrəli, ancaq irəli!” Mən o səsi eşidirdim və addımlayırdım”, – deyə Sənan Kərimov bildirib.
Onun sözlərinə görə, döyüş meydanında insan üçün ən böyük dayaq silahdaşları və Vətən qarşısındakı məsuliyyət hissidir.
“İnsan bəzən ailəsini, doğmalarını düşünür. Amma həmin an yanında olan əsgər yoldaşını da düşünürsən. Bilirsən ki, geri çəkilə bilməzsən. Çünki sənin yanında sənə güvənən insanlar, qarşında isə Vətən var”, – deyə gizir əlavə edib.
FOTO
S.Kərimov bildirib ki, Laçın istiqamətində yaşananlar, Xocalı və Xankəndidə keçilən döyüş yolu onun yaddaşında ömürlük qalacaq. Onun sözlərinə görə, döyüşlərin üzərindən zaman keçsə də, həmin günlərdə yaşanan hisslər və silahdaşlarla birlikdə keçilən anlar heç vaxt unudulmur.
“Bu gün həmin günləri xatırlayanda yenə gözümün önünə o yollar, o mövqelər, silahdaşlarım gəlir. Hər birinin öz xatirəsi var. Amma hamısının ortaq bir adı var – Vətən”, – deyə Sənan Kərimov vurğulayıb.
Müxbir - Tünzalə Arazlı