Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Albaniya dövləti Azərbaycan ərazisində ən qədim dövlətlərdən biri olub və ümumiyyətlə, Şimali Azərbaycanın dövlətçilik tarixini biz Albaniya dövlətindən başlayırıq. Albaniyanın ərazisinin böyük bir hissəsini də Qarabağ və Şərqi Zəngəzur təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova söyləyib. O bildirib ki, Albaniya dövləti təxminən 1000 illik bir dövrü əhatə edib və həmin 1000 illik tarixin hər dövrünə aid həm dini, həm ictimai, müxtəlif məqsədli tikililər dövrümüzə gəlib çatıb. Xüsusilə də Albaniyanın erkən orta əsrlərinə aid abidələrin sayı üstünlük təşkil edir. Bunlardan böyük hissəsi Qarabağın və Şərqi Zəngəzurun payına düşür. Bu bölgələrdə olan tarixi abidələrin böyük əksəriyyəti Albaniyanın xristianlıq dövrü ilə bağlı olan maddi mədəni irs nümunələridir.
Müsahibimiz vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda əsrlər boyunca tolerant mühit olduğu üçün Qarabağ və Şərqi Zəngəzur ərazisində xristian icmaları uzun müddət öz varlıqlarını qoruyub saxlayıblar. Albaniya dövlətinin siyasi varlığına son qoyulduqdan sonra da bu bölgə çox uzun müddət xristianlığın mərkəz əraziləri olub. Məhz bu səbəbdən Azərbaycanın bu bölgələrində xristianlığa aid olan monastır, məbəd, kilsə və digər maddi irs nümunələri çoxluq təşkil edib. Bu abidələr təkcə dini abidələr deyil. Orta əsrlər dövründə o mərkəzlər həm mədəniyyət, həm təhsil, həm elm ocağı kimi inkişaf etmişdir.
“Biz bunu tarixi qaynaqlardan da görürük və Qafqaz Albaniyasına aid olan maddi-mədəni irs nümunələrinin hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Məlum olduğu kimi, bu abidələr 30 illik erməni işğalı dövründə vandalizmə məruz qalıb. Biz bunların həmin abidələrin üzərində müşahidə eləyə bilirik. İşğal dövründə ermənilər albanlara məxsus olan maddi irs nümunələrimi dünya ictimaiyyətinə özlərininki kimi təqdim ediblər. Azərbaycan elmi bununla hələ də mübarizə aparır”, - deyə müsahibimiz bildirib.
Tarixçi-alim vurğulayıb ki, Gəncəsər monastırı, Xudavəng, Ağoğlan, Müqəddəs Yelisey monastırları Azərbaycan xalqının tarixində, soykökündə öz mühüm rolunu oynamış albanlara aiddir: “Sonrakı dövrlərdə Azərbaycan əhalisinin, burada yaşayan orta əsrlər əhalisinin böyük əksəriyyəti İslam dininə keçsə də, alban xristianlığından qalmış müqəddəs yerlər xalqın tarixi yaddaşında qalmış və onlar yerli türk-müsəlman əhali tərəfindən də ziyarət olunmuş və yerli hakimlər tərəfindən dəfələrlə bərpa olunmuşdur. Bu çox maraqlı amildir və məhz bunlar bu abidələrin alban xalqına məxsusluğunu sübut edir”.
Müxbir – Tünzalə Zeyvəliyeva