Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır
Bakı, 19 sentyabr, AZƏRTAC
Biz zəngin irsin yeni əsərlər, peşəkar əməkdaşlıq və beynəlxalq mədəni dialoq üçün mənbəyə çevriləcəyi canlı musiqi məkanı yaratmağa çalışırıq. Bakıda keçirilən Birinci Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin (Turkic Union of Composers (TUC)) yaradılması Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır.
AZƏRTAC xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Birinci Türk Dünyası Bəstəkarları Qurultayının açılışında deyib.
O qeyd edib ki, Birinci Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin məhz Bakıda keçirilməsi və yaradılması dərin rəmzi məna daşıyır. “Görkəmli bəstəkarlıq məktəbinə və zəngin musiqi ənənələrinə malik Azərbaycan Türk dünyasının yaradıcılıq potensialını bir araya gətirməyə və onu dünya auditoriyasına təqdim etməyə yönəlmiş yeni beynəlxalq platformanın təşəbbüskarı kimi çıxış edir. Birinci Qurultay uzunmüddətli beynəlxalq proqramın başlanğıcı olacaq. Gələcəkdə görüşlərin Türk dövlətlərində növbəlilik prinsipi əsasında keçirilməsi nəzərdə tutulur. 2032-ci ilədək fəal yol xəritəsi beynəlxalq festivalların keçirilməsini, “Turkic Music Awards” mükafatının təsis edilməsini, Türk dünyasının müasir musiqisinin antologiyasının nəşrini, “TurkicHeritage” platformasında rəqəmsal not kitabxanasının yaradılmasını, bəstəkarlıq rezidensiyalarının inkişaf etdirilməsini və Türk Dünyası Gənc Simfonik Orkestrinin formalaşdırılmasını nəzərdə tutur”,- deyə Aktotı Raimkulova əlavə edib.