® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub
Sentyabrın 18-də Bakıda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən “Google Earth Engine” platforması və süni intellekt vasitəsilə qeyri-formal yaşayış məntəqələrinin müəyyən edilməsi: dövlət qurumlarının nümayəndələri üçün seminar və təlim” layihəsinin bağlanış mərasimi keçirilib.
Layihə KOICA-nın Azərbaycan Nümayəndəliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 2026-cı il üzrə “CIAT Fəaliyyət Planı Müsabiqəsi”nin qalibi olub. Layihənin əsas məqsədi dövlət qurumlarının əməkdaşlarının geoməkan texnologiyaları və süni intellekt sahəsində bilik və praktiki bacarıqlarının artırılması, eləcə də əldə olunan biliklərin praktiki tətbiqinin təşviq edilməsidir.
Bağlanış mərasimində Koreyanın Azərbaycandakı səfirliyinin müşaviri Changsoo Kim, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə direktoru Sulim Hwang, Koreya–Azərbaycan Assosiasiyasının (KOAZ) prezidenti Emil Iskandarov, KOICA-nın proqram meneceri Yoon Bitna, proqram koordinatoru Qəmər Seyidova, Dövlət Statistika Komitəsinin nümayəndələri, layihə komandası və təlim iştirakçıları iştirak ediblər.
Layihə rəhbəri Arzu Tağıyeva tədbirdə layihənin həyata keçirilməsi prosesi, əldə olunan əsas nəticələr və görülən işlər barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün R proqramlaşdırma dili, Coğrafi İnformasiya Sistemləri (GIS), QGIS, “Google Earth Engine”, məsafədən zondlama, geoməkan məlumatlarının emalı və süni intellekt texnologiyalarının tətbiqi üzrə nəzəri və praktiki təlimlər təşkil edilib.
Arzu Tağıyeva qeyd edib ki, təlimlər zamanı əldə olunan biliklərin praktiki tətbiqi məqsədilə peyk təsvirləri və açıq mənbəli geoməkan məlumatlarından istifadə etməklə qeyri-formal yaşayış məntəqələrinin aşkarlanmasına dair metodologiya hazırlanıb. Azərbaycan və ingilis dillərində hazırlanan metodologiya tədqiqat ərazisinin müəyyənləşdirilməsi, məlumatların toplanması və emalı, məkan göstəricilərinin hesablanması, nəticələrin qiymətləndirilməsi, xəritələşdirilməsi və validasiyası mərhələlərini əhatə edir.
Koreyanın Azərbaycandakı səfirliyinin müşaviri Changsoo Kim çıxışında Koreya və Azərbaycan arasında inkişaf və statistika sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bilik və təcrübə mübadiləsinə əsaslanan bu cür təşəbbüslərin müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində layihənin praktiki mərhələsinin yekunu olaraq hakaton da keçirilib. Dörd qrup üzrə iştirakçılar hazırladıqları layihələri, tətbiq etdikləri metodoloji yanaşmaları və əldə etdikləri nəticələri təqdim ediblər. Təqdimatlar beynəlxalq və yerli mentorlar tərəfindən qiymətləndirilib və hakatonun qalib komandası müəyyənləşdirilib.
Tədbirin sonunda qalib komanda mükafatlandırılıb, iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Layihənin gələcəkdə digər ərazilərdə tətbiqi, süni intellekt və geoməkan texnologiyalarının rəsmi statistikada istifadə imkanlarının genişləndirilməsi və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.