Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq
Bakı, 18 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Qeyd olunub ki, sözlükdə region ərazisindəki yaşayış məntəqələrinin adları – oykonimlər, həmçinin hidronim və oronimlər, onların mənşəyi, etimologiyası və işlənmə xüsusiyyətləri əksini tapacaq.
Sözlüyün hazırlanması “Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə coğrafi adların mənşəyinə görə təsnifatı (2026–2027)” mövzusu çərçivəsində aparılan tədqiqatlar əsasında həyata keçiriləcək. Araşdırmalar zamanı coğrafi adların yerli tələffüz formaları, işlənmə xüsusiyyətləri və mənşəyi öyrənilir, yerli sakinlərdən şifahi məlumatlar toplanılır.
Toplanan materiallar əsasında oykonimlərin oronimik, hidronimik, fitonimik, etnotoponimik və antroponimik mənşə qrupları üzrə təsnifatı aparılır. Hidroqrafik və relyef obyektləri ilə bağlı toponimlər kartoqrafik materiallarla müqayisə edilərək dəqiqləşdirilir.
Sahə tədqiqatları zamanı Naftalan şəhəri və Göygöl rayonunda yaşayış məntəqələrinin adları ilə bağlı əlavə faktoloji materiallar əldə edilib. Göygöl rayonunda hidronimik və fitonimik mənşəli oykonimlərin, Naftalan şəhərində isə etnotoponim və antroponim mənşəli yaşayış məntəqə adlarının öyrənilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Tədqiqatlar çərçivəsində toplanan mətn, foto və koordinat məlumatları rəqəmsallaşdırılaraq elektron toponim məlumat bazasına daxil ediləcək. Bu materiallardan həmçinin regionun elektron toponim məlumat bazasının yenilənməsi, analitik və kartoqrafik araşdırmaların aparılması üçün istifadə olunacaq.