İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA
Bakı, 18 sentyabr, AZƏRTAC
İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur. Elə nəqliyyat vasitələri var ki, onların iqlimə birbaşa təsiri mövcuddur. Karbon qazının atmosferə buraxılması, karbon dioksidin zərərli maddələr halında təbiətə qayıtması zəhərli maddələrlə çirklənmiş yağışların yaranmasına, həmin maddələrin yağış vasitəsilə yerə gəlməsinə səbəb olur.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, akkumulyator batareyaları da müəyyən dərəcədə təbiəti bu və digər formada çirkləndirə bilər.
“Ona görə də radiasiya çirklənməsi və digər amillər öz-özlüyündə iqlim dəyişikliyinə böyük təsir göstərə bilər. Digər bir məqam ondan ibarətdir ki, bu gün dövlətlər infrastrukturun qurulmasında daha çox elektrik enerjisi ilə çalışan, daha az karbon və emissiya qazlarının ətrafa səpələnməsinin, yayılmasının qarşısını alan infrastrukturun yaradılmasına üstünlük verirlər və öz konsepsiyalarını, fəaliyyətlərini bu istiqamətdə qururlar. Ona görə də bu gün həmin konsepsiya nəqliyyat axınlarının idarə olunmasına, onların yaratdığı ekoloji və digər problemlərin həllinə, daha sonra nəqliyyat infrastrukturunun bölmələrinin təminatında qarşılıqlı təmasın qurulmasına, nəqliyyat axınlarının səmərəli təşkilinə, nəqliyyat infrastrukturunun bölmə və şöbələrinin biri-biri ilə qarşılıqlı əlaqəsinin və fəaliyyətinin yenidən təşkilinə aiddir. Yəni, bunların hamısı bir formatda, bir konsepsiya çərçivəsində həyata keçirilən prosedurlardır. Düşünürəm ki, yaxın zamanda öz həllini tapacaq. Nəqliyyat infrastrukturu ölkə nəqliyyatının əsas aparıcı simasını, əsas ağırlığını üzərində daşıyacaq”, - deyə ekspert əlavə edib.