Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə məruzə edən Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix elmləri doktoru, dosent Bəhman Kərimov Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyəti və suverenlik anlayışının Azərbaycan tarixindəki yeri barədə məlumat verib. Məruzəçi dövlət suverenliyinin bərpasına aparan tarixi proseslərdən, bu istiqamətdə baş verən mühüm hadisələrdən və onların ölkənin müasir tarixindəki rolundan bəhs edib. Həmçinin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən tarixi mərhələlərə nəzər salınaraq, Dövlət Suverenliyi Gününün əhəmiyyətindən, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolundan bəhs olunub. Qeyd olunub ki, dövlət suverenliyimizin tam bərpası Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin, Azərbaycan xalqının birliyinin və Azərbaycan əsgərinin şücaətinin nəticəsidir.
Tədbirin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.