Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva
Xankəndi, 18 sentyabr, AZƏRTAC
İllərlə Xankəndidən uzaqda yaşayan Mübarizə Əliyevanın ən böyük arzusu doğma şəhərinə qayıtmaq, ömrünün qalan illərini öz torpağında keçirmək olub. Bu gün onun arzusu gerçəkləşib. Köçkünlük illərində Bərdə rayonunda və Bakı şəhərində məskunlaşan şəhid anası nəhayət, doğma şəhərinə qayıdıb. Bu gün o, övladları və nəvələri ilə birlikdə Xankəndidə yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mübarizə Əliyeva Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində dövlət tərəfindən mənzillə təmin olunub. Şəhid anasını bu şəhərə bağlayan ən böyük qüvvə isə illərlə qəlbində yaşatdığı yurd həsrəti ilə yanaşı, qızı Saranın Xankəndidə başlayan və şəhidliklə sona çatan həyat yoludur.
Sara Asif qızı Əliyeva 1964-cü ildə Xankəndi şəhərində anadan olub. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniyaya gedib. Xaricdə təhsil aldığı müddətdə bir neçə xarici dil öyrənib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Sara Əliyeva Şuşaya köçürülmüş Qarabağ Universitetində xarici dil müəllimi kimi çalışıb.
Gənc yaşlarından təhsilə və müəllimlik fəaliyyətinə bağlı olan Sara Əliyevanın ömrü isə yarıda qalıb. O, 1992-ci ildə Şuşanın Qaybalı kəndi ərazisində baş verən vertolyot qəzası zamanı şəhid olub.
İllər sonra anası Mübarizə Əliyeva qızının dünyaya göz açdığı Xankəndiyə qayıdıb. Bu şəhərdə onun üçün keçmişdən qalan çoxsaylı xatirələrlə yanaşı, Saranın uşaqlıq və gənclik illəri ilə bağlı xüsusi bağlılıq da var. İndi şəhid anası qızının doğulduğu şəhərdə övladları və nəvələri ilə birlikdə yaşayır.
Mübarizə Əliyeva doğma şəhərində yaşamağın sevincini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Uzun illər həsrətində olduğu Xankəndidə yenidən həyat qurmaq, ailəsi ilə birlikdə burada yaşamaq onun üçün böyük xoşbəxtlikdir.
Şəhid anası göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyir.
Mübarizə Əliyevanın həyat hekayəsində bir ailənin Xankəndiyə dönüşü ilə yanaşı, illər boyu yaşadılan duyğuların və yarımçıq qalan arzuların doğma şəhərdə yenidən canlanması da öz əksini tapır.
Müxbir – Tahir Ağaməmmədov