Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans təşkil edilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik əzminin, ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpasının təntənəsi olduğunu bildirib.
Rektor qeyd edib ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin olunub. Bu tarixi nailiyyət dövlət başçısının siyasi iradəsinin, xalqın birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsidir. E.Babayev bildirib ki, Azərbaycanın əldə etdiyi nəticələr regionda yeni siyasi reallıqlar yaradıb, sülh və əməkdaşlıq üçün imkanlar açıb. O vurğulayıb ki, Azərbaycan bu gün öz milli maraqlarını və dövlətçilik prinsiplərini qətiyyətlə qoruyan güclü dövlətdir. Azərbaycan öz suveren hüquqlarına sahibdir və gələcəyini müstəqil şəkildə müəyyən edir. Suverenlik yalnız dövlət sərhədlərinin qorunması deyil, həm də güclü elm, yüksək təhsil və milli düşüncə deməkdir. Müasir texnologiyalar, rəqabətqabiliyyətli iqtisadiyyat və xalqına, dövlətinə bağlı gənc nəsil də güclü suverenliyin əsas dayaqlarıdır”.
Milli Məclisin üzvləri Hikmət Babaoğlu, Nigar Məmmədova, Vətən müharibəsi iştirakçısı, “Qarabağ” ordenli xüsusi təyinatlı, polkovnik Rəşad Aslanov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının müəllimi Rafiq İbrahimov çıxışlarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın beynəlxalq aləmdə yeni reallıqlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Dövlət Suverenliyi Gününün təsis olunması tarixi Qələbəmizin rəsmiləşdirilməsi və möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin regionda və dünyada mövqeyini daha da möhkəmləndirib. Hazırda ölkəmiz genişmiqyaslı quruculuq və inkişaf mərhələsindədir.
Tədbirin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Dövlət Suverenliyi Günü və 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə hazırladığı konsert proqramı nümayiş olunub.