Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman ilə görüş keçirib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı mina təhlükəsinin aradan qaldırılmasının yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda, regionda dayanıqlı sülhün və sosial-iqtisadi inkişafın təmin olunması, əhalinin təhlükəsiz yaşayışının və məskunlaşmasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.