Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib
Bakı, 18 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantı Günay Bayramova, elmi rəhbəri, şöbə müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyovanın rəhbərliyi ilə İspaniyanın Barselona şəhərində keçirilən müqayisəli ədəbiyyatşünaslıq və mədəniyyət tədqiqatları üzrə beynəlxalq elmi konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində doktorant “Azərbaycan və ispan romantik ədəbiyyatında milli özünüdərk problemi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edək ki, bu mövzu doktorantın müdafiəyə hazırladığı dissertasiya işinin əsas mövzusunu təşkil edir.
Məruzədə Azərbaycan və ispan romantik ədəbiyyatında milli özünüdərk məsələsi müqayisəli aspektdə araşdırılıb, hər iki ədəbiyyatda milli kimliyin formalaşması, milli düşüncənin ifadəsi və romantik ədəbiyyatın milli şüurun inkişafındakı rolu diqqətə çatdırılıb. Bundan əlavə, doktorant Günay Bayramova ispan romantik ədəbiyyatına dair ilkin mənbələrlə tanış olmaq məqsədilə kitabxana fondlarından istifadə edib. Doktorantın beynəlxalq elmi konfranslarda iştirakında və elmi-tədqiqat səfərlərində əsas məqsədlərdən biri Azərbaycan ədəbiyyatının, xüsusilə Azərbaycan romantik ədəbiyyatının Avropa elmi mühitində tanıdılması, milli ədəbiyyatımızın dünya ədəbiyyatı kontekstində təqdim edilməsi və Azərbaycan ədəbiyyatı ilə bağlı elmi araşdırmaların beynəlxalq səviyyədə təbliğidir.