Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib. Seminarda texniki tənzimləmə ekosisteminin formalaşdırılması, qeyri-qida istehlak mallarına dair texniki reqlamentlərin tətbiqi, habelə həmin mallar üzrə idxal nəzarəti mexanizmləri barədə ətraflı məlumat verilib.
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Texniki reqlamentlərlə əhatə olunan qeyri-qida istehlak mallarının idxalı zamanı nəzarətin həyata keçirilməsi mexanizmləri” mövzusunda seminar keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədov, Gömrük Siyasəti Baş İdarəsinin rəisi Rövşən Namazov və agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda texniki tənzimləmə sisteminin əhəmiyyəti, eləcə də qeyri-qida istehlak mallarının idxalı zamanı yeni mexanizmlərin tətbiqinin üstünlükləri vurğulanıb.
Tədbir çərçivəsində Agentliyin şöbə müdiri Elməddin Quluyev təqdimatla çıxış edərək “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində formalaşdırılmaqda olan texniki tənzimləmə sistemi barədə məlumat verib.
Bundan əlavə, qeyri-qida istehlak malları barədə qəbul edilmiş və qəbulu nəzərdə tutulan texniki reqlamentlərin tətbiqinin idxal proseslərinə təsirləri praktiki nümunələr üzərindən izah olunub. Həmçinin sözügedən malların idxalına dair tələblərlə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər, idxal nəzarətinin həyata keçirilməsi mexanizmləri, o cümlədən qanunvericiliyin tələblərinə əsasən idxalçılar tərəfindən gömrük orqanlarına təqdim edilməli sənədlərin real vaxt rejimində elektron qaydada ötürülməsinin üstünlükləri diqqətə çatdırılıb.
Sonda mövzu ilə bağlı gömrük orqanı əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb, irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.