Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev regionlarda vətəndaş qəbulunu davam etdirir. Bu dəfə Fond sədri Beyləqan rayonunda Füzuli və Beyləqan sakinləri ilə görüşüb.
DSMF-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, təqaüd, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün DSMF-nin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.