Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Batumidə Gürcüstan Milli Bankı və “J.P. Morgan” investisiya bankının birgə təşkilatçılığı ilə regionun mərkəzi banklarının prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 15-dən çox ölkənin, o cümlədən Azərbaycanın Mərkəzi Bankının rəhbər şəxsləri, habelə “J.P. Morgan”, Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze görüşün əhəmiyyətini vurğulayaraq, ölkənin iqtisadi artım göstəriciləri və maliyyə sektorunun inkişaf dinamikası barədə məlumat verib. Onun sözlərinə görə, 2021–2025-ci illərdə orta illik ÜDM 9,3 faiz, 2026-cı ilin ilk 7 ayında isə 7,9 faiz artıb. İ.Kobaxidze, həmçinin xarici amillər nəticəsində avqust ayında illik inflyasiyanın 5,6 faiz təşkil etdiyini və 2024-cü ilin oktyabrından bəri valyuta ehtiyatlarının ikiqat artaraq tarixi maksimuma çatdığını diqqətə çatdırıb.
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava çıxışında tədbirin regional dialoqun və mərkəzi banklararası əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd edib. O, "J.P. Morgan"ın təşəbbüsü ilə regionda ilk dəfə təşkil olunan bu görüşün ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirib.