Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb
Hacıqabul, 18 sentyabr, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər.
Tədbir zamanı yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat verilib. Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.
Müxbir-Aydın Yavərzadə