Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Türk dünyasının müxtəlif ölkələrini təmsil edən bəstəkarların əsərləri səsləndirilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan konsert proqramını dirijor Fuad İbrahimov idarə edib. Solist qismində Macarıstandan violin ifaçısı Sandor Laszlo, həmçinin fleyta ifaçısı Nicat Salmanov və qoboy ifaçısı Alim Sadıxov çıxış ediblər.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Daha sonra Müslüm Maqomayevin “Şah İsmayıl” operasından uvertüra (işləmə Qara Qarayev), A.Raimkulovanın “Qozı Körpeş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, M.Beqaliyevin “Bayram uvertürası” təqdim olunub.
Proqramda Ö.Gülbəyin fleyta, qoboy və orkestr üçün “Rapsodiya” əsəri, R.Nepesovun “Yunus”, R.Abdullayevin “Sevgi mahnısı”, eləcə də S.Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” əsərləri də səsləndirilib.