Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib
Şuşa, 18 sentyabr, AZƏRTAC
18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə Şuşa şəhərində konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Üzeyir Hacıbəylinin ev-muzeyinin qarşısında keçirilən konsertdə universitet kollektivi, Şuşa şəhər ictimaiyyətinin nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.
Konsert proqramında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrinin əsərləri səsləndirilib. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı və Tofiq Quliyevin yaradıcılığından nümunələr Cadenza orkestrinin və solistlərin ifasında təqdim olunub.
Konsert proqramı Azərbaycan musiqi irsinin təbliği, milli musiqi ənənələrinin yaşadılması və gənc musiqiçilərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi baxımından əlamətdar olub.
Qeyd edək ki, sentyabrın 18-i Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günüdür və ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Müxbir – Tahir Ağaməmmədov