DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb
Bakı, 18 sentyabr, AZƏRTAC
“DOST to DOST” layihəsinin DOST könüllüləri üçün nəzərdə tutulan təlim proqramının birinci mərhələsi başa çatıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birinci mərhələ üzrə sonuncu təlim “Vision Zero” – “Sıfır qəza” yanaşması və təhlükəsiz gələcəyin qurulması mövzusunda keçirilib. Təlim zamanı iştirakçılara “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsinin, risklərin vaxtında müəyyənləşdirilməsi və düzgün idarə olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin təhlükəsiz əmək mühitinin formalaşdırılmasında rəhbərliyin məsuliyyəti, işçilərin fəal iştirakı və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinin rolu diqqətə çatdırılıb.
Xatırladaq ki, proqram çərçivəsində könüllülər üçün daha əvvəl “Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” və “Uşaqların əmək hüquqları və təhlükəsiz əmək mühiti” mövzularında təlimlər keçirilib. Hər bir mövzu üzrə təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Təlimlərin praktiki hissəsində real hadisələr və müxtəlif iş şəraitləri əsasında fikir mübadiləsi aparılıb. İnteraktiv qərar oyunları vasitəsilə iştirakçıların əldə etdikləri bilikləri praktiki situasiyalarda tətbiq etmək, riskləri müəyyənləşdirmək və düzgün qərar qəbul etmək bacarıqları möhkəmləndirilib.
Təlimlərin əsas məqsədi gənclərdə real iş mühitinə uyğun davranış modelinin formalaşdırılması, əmək fəaliyyəti zamanı yarana biləcək risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, real situasiyalarda düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, habelə əməyin mühafizəsi mədəniyyətinin gücləndirilməsidir.