® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub
Sentyabrın 18-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi Təcrübi və Tədris Mərkəzinin və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının təşkilatçılığı ilə “Fetal təbabət üzrə master-klas” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Fidan İsrafil-Bəyli, Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professoru Mark Kilbi mama-ginekoloqlar, radioloqlar və həkim-rezidentlər iştirak ediblər.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək, fetal təbabətin müasir mamalıq və ginekologiyanın mühüm istiqamətlərindən biri olduğunu, ana və döl sağlamlığının qorunması, dölün inkişafında mümkün problemlərin erkən mərhələdə aşkarlanması və müasir diaqnostik yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıb.
Rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, fetal təbabət üzrə master-klasın keçirilməsi mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, bu sahədə peşəkar biliklərin artırılmasına, eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl metodların yerli tibbi praktikaya inteqrasiyasına mühüm töhfə verir.
Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəylinin moderatorluğu ilə keçirilən master-klasda Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professoru Mark Kilbi “USM tapıntılarından klinik qərara doğru: Mürəkkəb fetal hallar” mövzusunda çıxış edib. Master-klasda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi əsasında klinik qərarların qəbulu, dölün ana bətnində müalicəsi və cərrahi müdaxilələr müzakirə olunub. Tədbir zamanı real klinik hallar təqdim edilib və interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, fetal təbabət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və müasir tibbi yanaşmaların tətbiqi ana və döl sağlamlığının qorunması, prenatal diaqnostikanın imkanlarının genişləndirilməsi və mürəkkəb klinik halların idarə olunması üzrə mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.