“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb
Bakı, 18 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin inzibati binasında Ağdam, Füzuli və Xocavənddə yaşayan vətəndaşlarla görüşüb.
“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.