Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı və çoxşaxəli fəaliyyəti milli mədəniyyət tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Dahi bəstəkarın irsi Şərq və Qərb musiqi ənənələrinin sintezi baxımından da müstəsna əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Rusiyada Puşkin haqqında deyildiyi kimi, biz də həmişə qürurla bildiririk ki, Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır. O, bəstəkar və musiqiçi olmaqla yanaşı, böyük dramaturq, publisist, alim və pedaqoq idi. Üzeyir bəyin gerçəkləşdirdiyi işlər o qədər zəngin və tarixi əhəmiyyətə malikdir ki, insan sadəcə valeh olur. O, heç bir zəminin olmadığı bir şəraitdə böyük opera sənətini ortaya qoydu. “Leyli və Məcnun” operası ilə Şərq və Qərb musiqisini bir araya gətirməyin mümkün olduğunu göstərdi və gələcək bəstəkarlar üçün böyük bir yol açdı. Üzeyir Hacıbəyli öz yaradıcılığı ilə sanki bir-biri ilə qovuşmayan iki dünyanı birləşdirə bildi”, - deyə Zümrüd Dadaşzadə vurğulayıb.
Musiqişünas qeyd edib ki, Üzeyir Hacıbəylinin “Koroğlu” operasını yaratması da yalnız musiqi hadisəsi deyil, dövrünün ictimai-mədəni reallıqları baxımından mühüm hadisə idi. Onun fikrincə, bəstəkar “Koroğlu” ilə Azərbaycan xalqının milli-mədəni kimliyini, tarixi yaddaşını və azadlıq duyğusunu yüksək sənət dili ilə ifadə etməklə, əslində, mühüm bir mədəni missiya həyata keçirib. Üzeyir Hacıbəyli milli musiqini peşəkar bəstəkarlıq ənənələri ilə birləşdirərək Azərbaycan mədəniyyətinin özünəməxsusluğunu daha geniş auditoriyaya nümayiş etdirib. Bu baxımdan “Koroğlu” operasının yaranmasını həmin dövrdə həyata keçirilmiş mühüm mədəni və diplomatik addımlardan biri kimi qiymətləndirmək olar.
Müxbir - Nərmin Muradzadə