Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır
London, 18 sentyabr, AZƏRTAC
Uelsin şimalında, İtaliyanı xatırladan rəngarəng və çox balaca bir kəndin olduğunu uzun müddətdir bilirdim və həmişə buraya gəlmək istəyirdim. Amma Londondan xeyli uzaqda yerləşdiyi üçün indiyə qədər yolumu bura sala bilməmişdim. Bu dəfə Uels səfərimiz zamanı isə çoxdan görmək istədiyim Portmeirion kəndinə getməyə qərar verdim.
Portmeirion Uelsin şimalında yerləşən, ilk baxışdan sanki insanı İtaliyanın kiçik bir kəndinə aparan qeyri-adi bir yerdir. Səhər saat 10 radələrində kəndin parkinqinə çatanda artıq burada 100-ə yaxın avtomobil var idi. Elə həmin an Portmeirionun nə qədər populyar olduğunu anlamaq çətin deyildi.
Kəndin girişinə yaxınlaşanda isə qarşıma uzun bir növbə çıxdı. Qarşımda dayanan yaşlı cütlükdən bunun nə növbəsi olduğunu soruşanda dedilər ki, giriş bileti almaq üçün gözləyirlər. Açığı, Portmeiriona girişin ödənişli olduğunu bilmirdim. Səfərdən əvvəl oxuduğum yazılarda buna diqqət etməmişdim.
Kəndə giriş bileti 20 funt sterlinq idi. Bir kəndi ziyarət etmək üçün 20 funt ilk baxışdan bir qədər baha görünə bilər. Amma Portmeirion adi kənd deyil, Uelsin ən tanınmış və turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. Portmeirionun maraqlı tarixçəsi də var. Bura adi yaşayış məntəqəsi kimi formalaşmayıb. Pastel rəngli binalar, kiçik meydanlar, fəvvarələr və Aralıq dənizi üslubunu xatırladan memarlıq Portmeirionu Uelsdə gördüyüm ən fərqli yerlərdən birinə çevirir. Portmeirionun tarixçəsi də ən az görünüşü qədər maraqlıdır. Kənd 1925–1975-ci illər arasında uelsli memar Clough Williams-Ellis tərəfindən layihələndirilib və tikilib. O, 1925-ci ildə bu ərazini aldıqdan sonra təxminən 50 il ərzində Portmeirionu mərhələli şəkildə yaradıb.

Aralıq dənizi və xüsusilə İtaliya memarlığından ilhamlanan memar kəndi rəngarəng binalar, kiçik meydanlar, tağlar, qüllələr və barokko üslubunda müxtəlif detallarla bəzəyib. Memar hətta sökülməkdə olan bəzi binaların memarlıq elementlərini xilas edərək onları Portmeirionun tikililərində istifadə edib. Bəlkə də elə buna görə kəndə daxil olan kimi özünü real yaşayış məntəqəsindən daha çox böyük bir film dekorasiyasının içində hiss edirsən.
Əslində, Portmeirionun kino ilə əlaqəsi də var. Burada illər ərzində çoxsaylı film və televiziya layihələri çəkilib. Kənd xüsusilə 1960-cı illərin məşhur “The Prisoner” serialında “The Village” adı ilə istifadə olunması ilə tanınır. Kəndə daxil olandan sonra Portmeirionun niyə bu qədər məşhur olduğunu anlamaq çətin deyil. Burada ilk diqqəti çəkən rənglərdir. Rəngarəng binalar, fəvvarələr və kiçik meydanlar bir-birinə qarışaraq tamamilə fərqli bir mənzərə yaradır. Mənim bəxtimə həmin gün hava da çox gözəl idi. Şimali Uelsdə hava tez-tez dəyişkən olsa da, Portmeiriona gəldiyim gün parlaq günəş vardı və bu, kəndin rənglərini daha da canlı göstərirdi. Demək olar ki, baxdığın hər tərəf ayrıca bir foto kadrı idi. İlk dəqiqələrdə insan hətta hansı tərəfə baxacağını, harada dayanıb şəkil çəkəcəyini bilmir. Bir tərəfdə isə yerdə böyük şahmat taxtası diqqəti cəlb edir. Ziyarətçilər iri şahmat fiqurları ilə burada oyun da oynaya bilirlər.
Kəndin müxtəlif hissələrini gəzərək aşağıya doğru endikcə mənzərə də dəyişir. Rəngli binaların arasından keçib sahilə yaxınlaşanda Portmeirionun yalnız memarlığı ilə deyil, yerləşdiyi ərazi ilə də fərqləndiyini görürsən. Bir tərəfdə rəngarəng kənd, digər tərəfdə isə sahil mənzərəsi açılır. Bir müddət gəzdikdən sonra kənddəki məkanlardan birində oturub günorta yeməyimizi yeyirik. Ətrafdakı rəngli binalara və sahilə baxanda isə düşünürəm ki, Britaniyada belə fərqli və gözlənilməz bir yerin olması həqiqətən maraqlıdır.
Portmeirion mənim üçün Uels səfərinin ən fərqli dayanacaqlarından biri oldu. Bir neçə saatlıq da olsa, sanki Uelsdən çıxıb Aralıq dənizi sahilindəki kiçik bir kəndə, qəsəbəyə düşürsən.