Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı İctimai Xoru ölkəmizi növbəti dəfə beynəlxalq festivalda təmsil edib.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Şibenik şəhərində keçirilən “SHIP” Musiqi Festivalında Avropanın müxtəlif ölkələrindən musiqi kollektivləri, incəsənət menecerləri və musiqi prodüserləri bir araya gəlib.
Festival musiqi sənayesinin müxtəlif istiqamətləri üzrə konsert proqramları, peşəkar görüşlər və təcrübə mübadiləsi üçün beynəlxalq platforma kimi çıxış edir.
Festival çərçivəsində Bakı İctimai Xoru Azərbaycan Mədəniyyəti Gününü təşkil edərək milli musiqi, Azərbaycan xalçaları, keçə çəkmə sənəti və kulinariya nümunələrini təqdim edib. Kollektivin ifasında pianoçu və bəstəkar Tural Məmmədlinin işləmələri əsasında “Gül açdı” və “Əlimi bıçaq kəsibdir” xalq mahnıları səsləndirilib.
Bəstəkar və pianoçu Tural Məmmədli, populyar gitara ifaçısı Rəhman Məmmədlinin iştirakı ilə keçirilən konsert proqramında da Bakı İctimai Xoru çıxış edib. Səfər zamanı kollektiv festival iştirakçıları ilə görüşərək fikir və təcrübə mübadiləsi aparıb, beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib.
Qeyd edək ki, Bakı İctimai Xoru 2025-ci ilin iyun ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin rəsmi rezidenti olan “JazzLab” MMC-nin nəzdində təsis edilib. Kollektiv xor sənətinin təbliği, yeni istedadların bir araya gətirilməsi, milli və dünya musiqi nümunələrinin təqdim olunması istiqamətində fəaliyyət göstərir. Xora qoşulma könüllülük prinsipi əsasında həyata keçirilir.