Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu il iyunun 16-da anadan olmuş qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda avqustun 31-də Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə edilib. Körpə süni tənəffüs cihazına qoşulub və ona ağır parametrlərdə tənəffüs dəstəyi göstərilib.
Uğurla tamamlanan reanimasiya tədbirlərindən sonra həkimlərin uzunmüddətli intensiv müalicəsi, fasiləsiz tibbi müşahidə və peşəkar yanaşması nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.
Müalicə nəticəsində vəziyyəti stabilləşən körpə sentyabrın 12-də evə buraxılıb.