Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir
Bakı, 18 sentyabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Şəxs Adları Komissiyasının iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşanın “Türk dillərində ortaq şəxs adları” kitabının müzakirəsi aparılıb.
Dilçilik İnstitutunun direktoru, Şəxs Adları Komissiyasının sədri professor Nadir Məmmədli çıxışında şəxs adlarının düzgün yazılışı və seçilməsi məsələlərinə toxunub. Professor bildirib ki, şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir. Müasir dövrdə şəxs adlarının yazılışında süni intellekt imkanlarından düzgün və məqsədyönlü istifadə olunmalıdır. Alim adların seçilməsi və yazılışında fonetik variantlılığın nəzərə alınmasının vacibliyini vurğulayıb.
Kitabın diqqətçəkən cəhətlərindən biri də şəxs adlarının mənşəyi və etimologiyası ilə yanaşı, onların yayılma arealının da göstərilməsidir. Tədbirdə çıxış edən alimlər bu lüğətin istiqamət baxımından yeni olduğunu bildiriblər. Qeyd olunub ki, əsərdə müqayisələrin bütün türk dilləri üzrə aparılması daha məqsədəuyğundur. Kitabda kişi və qadın adlarının funksional xüsusiyyətləri də nəzərə alınıb.
İclasda kitabın elmi əhəmiyyəti, şəxs adlarının etimologiyasının müəyyənləşdirilməsi, həmçinin onların tarixi və coğrafi yayılma xüsusiyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb, müəllifə təklif və tövsiyələr verilib.
Sonda Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova çıxış edərək, vətəndaşların ad seçərkən milli-mənəvi dəyərləri və dil normalarını nəzərə almalarının vacibliyini vurğulayıb.