Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Musiqi Günü münasibətilə sərgi təşkil olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan musiqisinin tarixi və inkişaf mərhələləri, milli musiqi sənətinin müxtəlif istiqamətləri, muğam və aşıq yaradıcılığı, xalq mahnıları və milli musiqi alətləri haqqında “Azərbaycan musiqi tarixi”, “Azərbaycan muğamı miniatürlərdə”, “Muğam ensiklopediyası”, “Saz məktəbi”, “Azərbaycan xalq mahnıları” ikicildliyi, “Ozan-aşıq dünyası”, “Azərbaycan musiqi alətləri” və digər qiymətli nəşrlər yer alıb.
Sərgidə dahi bəstəkar Üzeyir Hacıbəylinin operaları, operettaları, felyetonları və publisistik əsərlərinin toplandığı kitablarla yanaşı, onun həyat və zəngin yaradıcılığına həsr olunmuş elmi və biblioqrafik nəşrlər də təqdim edilir. Həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş çoxcildliklər yer alır. Nəşrlərdə bəstəkarın opera, balet, simfonik muğam və mahnı janrlarında yaratdığı əsərlər, eləcə də Azərbaycan professional musiqi sənətinin inkişafına verdiyi töhfələr əksini tapır. Bundan əlavə, sərgidə Mərkəzi Elmi Kitabxananın hazırladığı “Akademik Üzeyir Hacıbəyli” biblioqrafiyası, həmçinin Azərbaycanın görkəmli musiqişünaslarına, xanəndələrinə və bəstəkarlarına həsr olunmuş kitablar nümayiş etdirilir.
Milli Musiqi Gününə həsr olunmuş sərgi iki həftə müddətində davam edəcək.