Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın Qafqaz regionunda geosiyasi üstünlüklərinin müsəlman dünyasından ötrü hansı dəyər daşıdığını bilmək üçün Prezident İlham Əliyevin bəyanatına diqqət yetirmək kifayətdir.
Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən həmin bu məqamı iki tezislə bəyan edib.
Birincisi, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir.
İkincisi, TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.

Geosiyasi məkanların birləşdirilməsi
Prezident İlham Əliyev bu iki mövqeni vahid geosiyasi zona çərçivəsində tarixi-mədəni identiklik, tarixi irsin qorunmasının vacibliyi fonunda qeyd edir. Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi dominantlığı, ümumilikdə Qafqaz regionundakı mənəvi-tarixi irsi zənginləşdirir.
Qəbulda iştirak edən nümayəndə heyətinə baxdıqda mesajın rəmzi mənası daha da aydınlaşır.
Türk dünyası konteksti isə coğrafi ərazi ilə məhdudlaşmır. O, müsəlman dünyası ilə inteqrasiya olunmuş modeldə daha dərin strateji vizyon qazanır. Bu, geniş anlamda Azərbaycan Respublikasının Qafqazdakı geosiyasi yerləşməsi ilə Mərkəzi Asiya və Yaxın Şərq regionlarındakı fəal iştirak səviyyəsini əlaqələndirən məzmunu ehtiva edir. Bu o deməkdir ki, Azərbaycan həm yerləşdiyi coğrafi mövqeyinə, həm də geosiyasi müstəvidəki yerinə görə regionlararası əlaqələrdə unikal bağlantı yaradır. Qeyd olunan regionlar üçün müştərək olan ən böyük ortaq dəyər isə İslam dinidir.
Bununla da, TDT-dəki strateji maraqlar və təşkilatın geosiyasətdəki təsirləri İslam dünyası arealında daha da zənginləşərək əməkdaşlıqda yeni istiqamətlər açır.

Təhlükəsizlik prioritetləri və mədəniyyətin qorunması
Azərbaycan üçün regionların təhlükəsizliyi vacibdir. Çünki regionlar geosiyasi maraqlar prizmasında bir-biri ilə zəncirvari bağlıdır və bir bölgədə baş verən hadisələr digər coğrafi əraziyə təsirsiz ötüşmür. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətdə regional təhlükəsizliyə xüsusi diqqət yetirilir. Çünki təhlükəsizliyin təmini həm də tarixi mirasın, genefondun, mədəniyyətlərin qorunmasıdır. Bunun üçün Azərbaycan qonşuluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirir.
Bu yanaşma Azərbaycanın geosiyasi rolunu yalnız Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq regionlarında deyil, daha geniş Avrasiya məkanında nəzərdən keçirməyə imkan verir. Çünki mühüm coğrafi bağlantıların kəsişməsində yerləşən Azərbaycan müasir geoiqtisadiyyatda logistik mərkəz mandatına sahibdir.
Başqa sözlə, Azərbaycanın geosiyasi və geoiqtisadi arxitekturası onun:
- Qlobal siyasi, iqtisadi arenalar arasında konsensusun əldə olunması prosesindəki çəkisini artırır,
- Müasir dünya nizamında effektiv tərəfdaşlıq platformalarının qurulması üçün münbit zəmin formalaşdırmasına şərait yaradır,
- Mədəniyyətlərarası, dinlərarası dialoqun aparılmasında təşəbbüskar platformaya çevrilməsini stimullaşdırır.
Prezident İlham Əliyevin konsepsiyası göstərir ki, Azərbaycan mədəniyyətə, mənəviyyata əsaslanan strategiyanı dünya gündəmində aparıcı xəttə çevirir.
Azərbaycan dövlətinin gücü onun həm qədim köklərinə sadiqliyində, həm də Türk dünyası, Qafqaz və İslam coğrafiyasını birləşdirən qlobal miqyaslı inteqrasiya siyasətində gündəlik formalaşdırır.
Müəllif – Aqşin Kərimov